Layihə haqqında

“azagroinvest.az” portalının yaradılmasında məqsəd aqrobiznes sahələri üzrə investisiya imkanları barədə sahibkarların məlumatlılığının artırılmasıdır. Bunun üçün Aqrar Tədqiqatlar Mərkəzi və tərəfdaşları tərəfindən aqrobiznes sahələri üzrə hazırlanan ilkin texniki-iqtisadi əsaslandırmaların Mərkəz tərəfindən portalda yerləşdirilməsi nəzərdə tutulur.

Portal 3 bölmədən – İnvestisiya Təhlili, Sahə Hesabatları və İnvestisiya Mühiti bölmələrindən ibarətdir.

İnvestisiya Təhlili bölməsində kənd təsərrüfatı məhsullarının istehsalı üçün investisiya xərcləri (CapEx) və əməliyyat xərcləri (OpEx) daxil edilməklə 6 meyar – xalis cari dəyər (Net Present Value, NPV), daxili rentabellik norması (Internal Rate of Return, IRR), diskontlaşmış geri ödəmə müddəti (Discounted Payback Period, PbP), gəlir-xərc nisbəti (Cost-Benefit Ratio), həssaslıq təhlilləri (Sensitivity Analyisis) və məhsulun maya dəyəri (cost) üzrə iqtisadi səmərəlilik göstəriciləri hesablanır. Yekun hesabat PPT (Power Point) formatında portala yerləşdirilir.

Platformaya kənd təsərrüfatı məhsullarının istehsalı üçün iqtisadi səmərəlilik göstəricilərinin hesablanması məqsədilə NPV, IRR, PbP, Cost-Benefit Ratio, Sensitivity Analyisis və məhsulun maya dəyəri kalkulyatorları əlavə edilib.

Həmçinin portalda məhsullar üzrə investisiya səmərəliliyinin nəticələrinin əks olunduğu vizullaşdırılmış hesablama paneli mövcuddur ki, bu, sahibkara investisiya qoymaq istədiyi sahə üzrə bütün mənzərəni əyani şəkildə görməsinə imkan verir.

Sahə Hesabatları bölməsində sahibkarlara ayrı-ayrı bitkiçilik və heyvandarlıq məhsulları üzrə istehsalla bağlı arayışlar təqdim olunur. PDF formatında yüklənməsi mümkün olan arayışlarda sahə, istehsal, məhsuldarlıq, qiymət, idxal, ixrac və qlobal (istehsal, idxal və ixrac) göstəricilər öz əksini tapır.

İnvestisiya Mühiti bölməsində “Kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və satışı üzrə vergi-gömrük tənzimlənmələri”, “Kənd təsərrüfatı istehsal vasitələri ilə təchizat və xidmətlər üzrə vergi-gömrük tənzimlənmələri”, “İnvestisiya təşviqi üzrə tənzimlənmələr” və “Kənd təsərrüfatında dövlət dəstəyi ilə bağlı tənzimlənmələr” üzrə bölmələr yerləşdirilmişdir. Burada kənd təsərrüfatı məhsullarının, xidmətlərinin, istehsal vasitələrinin istehsal, satış, idxal və ixrac üzrə ƏDV-dən azad olunması, müvafiq gömrük idxal rüsumu güzəştləri, dövlət dəstəyi istiqamətində müvafiq tənzimləmələr və investisiya təşviqi üzrə müddətli güzəştlər ilə bağlı məlumatlar ətraflı şəkildə öz əksini tapmışdır.